Zelenski Əminə Cəfərovaya yeni vəzifə verdi

 19:15 22.02.2024     317

Ukrayna xarici işlər nazirinin birinci müavini Əminə Cəfərova ölkənin Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin olunub.

Redaktor.az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sərəncam imzalayıb.

“Əminə Ayarovna Cəfərova Ukraynanın Vyana şəhərindəki beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilsin”, – sərəncamda deyilir.

Qeyd edək ki, Əminə Cəfərova 2006-cı ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirib.

2008-2010-cu illərdə Ukrayna Xarici İşlər Nazirliyinin Mədəniyyət və Humanitar Əməkdaşlıq Departamentinin sosial və humanitar məsələlər şöbəsində attaşe vəzifəsində çalışıb.

2011-2015-ci illərdə Ukrayna mediasında çalışıb.

2015-2016-cı illərdə o, nazirin Krımla bağlı informasiya siyasəti üzrə müşaviri olub.

2016-2019-cu illərdə - Ukrayna İnformasiya Siyasəti nazirinin birinci müavini.

2020-ci ilin iyununda Cəfərova Ukrayna xarici işlər nazirinin birinci müavini təyin edilib.

Həmçinin 2020-ci ildə prezidentin sərəncamı ilə Cəfərova YUNESKO üzrə Ukrayna Milli Komissiyasının rəhbəri təyin edilib.

Turan İSMAYIL