Baltikyanı ölkələrdə hava hücumundan müdafiə sistemləri çatışmır - ABŞ generalı
Baltikyanı ölkələrin hava hücumundan müdafiə sistemlərinin kifayət qədər arsenalı yoxdur.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu qiymətləndirməni Vilnüsdə keçirilən beynəlxalq təhlükəsizlik forumunda iştirak edən ABŞ ordusunun Avropadakı keçmiş komandanı, istefada olan general Ben Hodges jurnalistlərlə bölüşüb.
"Bizim bu regionda (Baltikyanı ölkələrdə -red.) kifayət qədər hava hücumundan müdafiə sistemlərimiz varmı? Mən belə düşünmürəm" - o deyib.
Hodgesin fikrincə, Litva, Latviya və Estoniya bu vəziyyətə görə getdikcə daha çox hava hücumundan müdafiə sistemi almağa tələsməməlidir və edə bilməz: "Bu sizin üçün çox bahadır".
İstefada olan generalın fikrincə, Litva öz ərazisində NATO-nun hava hücumundan müdafiə təlimlərinin keçirilməsində israrlı olmalıdır. "Litva problemləri və darboğazları müəyyən etmək üçün öz ərazisində NATO hava hücumundan müdafiə təlimlərinin keçirilməsini tələb etməlidir" - o bildirib.
Xatırladaq ki, Hodges 2017-ci ilin sonunda ordudan ayrılıb və Floridada Avropa Siyasətinin Təhlili Mərkəzində strateji araşdırmalar departamentinin sədri kimi işləməyə başlayıb.
Turan İSMAYIL