Polşa Ukrayna ilə sərhədə nəzarətlə bağlı qərar verəcək

 16:46 23.02.2024     250

Polşa hakimiyyəti yaxın vaxtlarda Ukrayna ilə sərhəddə kənd təsərrüfatı məhsullarına əlavə nəzarət tədbirləri tətbiq edə bilər.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Polşa televiziyası tərəfindən yayımlanan mətbuat konfransında respublikanın baş naziri Donald Tusk deyib.

"Gizlətmirəm ki, lazım gələrsə, yaxın günlərdə Ukrayna ilə sərhədimizdə effektiv nəzarətlə bağlı əlavə qərarlar qəbul edəcəyik, söhbət Polşa və Avropa İttifaqı (Aİ) bazarlarına daxil olan məhsullardan gedir", - deyə o bildirib. Polşa hökuməti bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Aİ Şurasına sədrlik edən Belçikanın baş naziri Aleksandr De Kroo ilə danışıqların yekununda bildirib.

Xatırladaq ki, fevralın 9-da polşalı fermerlər genişmiqyaslı etiraz aksiyalarına və Ukrayna ilə sərhəddə keçidlərin blokadasına başlayıb. Fermerlər Ukraynadan ucuz kənd təsərrüfatı məhsullarının idxalını məhdudlaşdırmağı və ya tamamilə qadağan etməyi, milli heyvandarlığa dəstəyi gücləndirməyi tələb edir, həmçinin Avropa İttifaqının 2050-ci ilə qədər sıfır karbon emissiyasına nail olmağı nəzərdə tutan Yaşıl Sövdələşmə strategiyası ilə razılaşmadıqlarını bildirirlər. Etiraz aksiyasına Polşa Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi dəstək verib. Polşa hakimiyyəti fermerlərin tələbləri ilə əlaqədar olaraq, taxıl və şəkər də daxil olmaqla, Polşadan tranzitlə Aİ-yə idxal olunan Ukrayna məhsullarına nəzarəti gücləndirib.

Turan İSMAYIL