“Baydenin bu qərarından sonra bütün dünya ABŞ-yə gülürdü”

 12:50 24.02.2024     339

“Amerika lideri Co Baydenin qoşunları Əfqanıstandan çıxarmaq qərarından sonra bütün dünya ABŞ-yə gülürdü”.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş Prezidenti Donald Tramp tərəfdarları qarşısında çıxış edərkən bildirib.

“Biz gülüş obyektinə çevrildik. Bizə gülürlər. Bizim hörmətə layiq liderimiz yoxdur. Bu oğlana (Baydeni nəzərdə tutur - red.) necə hörmət etmək olar? İki cümləni birləşdirib deyə bilmir”, - siyasətçi qeyd edib.

Onun sözlərinə görə, demokrat Bayden noyabr ayında keçiriləcək prezident seçkilərində qalib gəlsə, ABŞ “sağ qalmayacaq”.

Xatırladaq ki, Bayden 14 aprel 2021-ci ildə Amerika tarixində ən uzun xarici hərbi kampaniya olan Əfqanıstandakı əməliyyatı başa çatdırmaq qərarına gəldiyini elan edib. ABŞ bu müharibəyə 2001-ci ilin oktyabrında başlamışdı. Əməliyyatın pik həddində (2010-cu ildən 2013-cü ilə qədər) Əfqanıstandakı Qərb qüvvələrinin sayı 150 min nəfəri keçirdi. Amerika qoşunlarının geri çəkilməsi 2021-ci ilin may ayında başlayıb. ABŞ və NATO-nun əsas hərbi hissələri 2014-cü ildə Əfqanıstanı tərk edib.

ABŞ-nin öz qüvvələrini geri çəkmək niyyətində olduğunu elan etməsindən sonra “Taliban” hərəkatı Əfqanıstana nəzarət yaratmaq üçün genişmiqyaslı əməliyyata başlayıb. 15 avqust 2021-ci ildə Prezident Əşrəf Qani ölkədən qaçıb və “Taliban” döyüşmədən Kabilə girib. Son ABŞ hərbçiləri Əfqanıstanı 2021-ci ilin sentyabr ayının əvvəlinə qədər tərk ediblər.