Fransada fermerlər sərgiyə gələn Makrona etiraz etdilər
Fermerlər Fransada keçirilən yarmarkada Prezident Emmanuel Makrona qarşı şüarlar səsləndirib.
Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, Makronun iştirak etdiyi Paris kənd təsərrüfatı sərgisinin ərazisinə daxil olan fermerlər “Makron istefa ver” şüarı səsləndirərək, lazım gələrsə, Makronu öz əlləri ilə yarmarkadan uzaqlaşdıracaqlarını deyiblər.
Əraziyə xüsusi polis dəstələri gətirilib. Fəallarla polis arasında qarşıdurma yaranıb, bəzi fermerlər saxlanılıb. Polis etirazçılara bibər qazı ilə müdaxilə edib.
Fermerlər Fransa Prezidentindən ölkədəki “kənd təsərrüfatı böhranı”nı dərk etməsini və ona çarə tapmasını istəyirlər.
Xatırladaq ki, fransalı fermerlər əsasən gəlirlərinin aşağı olmasına, sərt bürokratiya qaydalarına və ədalətsiz rəqabət mühitinə etiraz edirlər.
Onlar bu ayın əvvəlində də etiraz aksiyası keçirərək magistral yolları bağlayıb və ictimai binaların qarşısını çirkləndiriblər. (APA)