Polşa hökuməti Ukrayna mallarının idxalına qadağanı müzakirə edir - Baş nazir

 19:17 27.02.2024     290

Avropa İttifaqı polşalı fermerlər üçün problemin həllini təklif etməsə, Polşa yeni Ukrayna mallarının idxalına qadağa qoya bilər.

Redaktor.az "The Guardian"a istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk bildirib.

“Aİ Polşa və Avropa bazarlarını qorumaq üçün daha təsirli yol tapmasa, embarqonun digər məhsullara da genişləndirilməsi imkanını müzakirə edirik”, - deyə hökumət başçısı bildirib.

Qeyd edək ki, ötən il Varşava birtərəfli qaydada Ukrayna taxılının idxalını dayandırıb.

Xatırladaq ki, polşalı fermerlər bir neçə həftədir ki, Ukrayna ilə sərhədi bağlayırlar. Yük maşınlarını keçid məntəqəsindən keçirmirlər. Bu, Ukrayna ixracını xeyli çətinləşdirir.

Fermerlər tələb edirlər ki, Ukrayna taxılının Polşaya idxalına qadağa qoyulması ilə yanaşı, hakimiyyət meyvə, yumurta və ət idxalına da qadağa qoysun.

Bu, Ukrayna mallarının idxalının daxili bazarda qiymətlərə təsir etməsi ilə izah olunur.

Bu yaxınlarda Ukraynanın Baş naziri Denis Şmıqal Polşa sərhədinin açılması üçün beş bəndlik plan təklif edib.

Hökumət başçısı həmçinin qeyd edib ki, problem həll olunmasa, Ukrayna güzgü tədbirləri tətbiq edəcək.

Turan İSMAYIL