Niderland da Ukraynaya qoşun göndərəcək? - Generaldan AÇIQLAMA

 20:10 27.02.2024     299

Niderland Qərb ölkələrindən Ukraynaya hərbi personal göndərilməsi barədə danışmağı tez hesab edir.

Redaktor.az "NL Times" portalına istinadən xəbər verir ki, bunu krallığın silahlı qüvvələrinin komandanı, general Onno Eyhelsheym Fransa Prezidenti Emmanuel Makronun bəyanatlarını şərh edərkən deyib.

"Bunu müzakirə etmək hələ tezdir" - deyən general qeyd edib ki, bu, ilk dəfədir ki, ictimai müzakirə olunur: "Biz bu variantı əvvəllər nəzərdən keçirməmişik".

O əlavə edib ki, hazırda bu məsələ gündəmdə deyil və heç kim Niderlanddan qoşunla təmin olunmasını xahiş etməyib. "Əsgərlərin NATO formasında gəzməsi barədə düşünməyə başlamazdan əvvəl başqa variantlar da var. Ancaq mən düşünürəm ki, Ukraynaya ən yaxşı şəkildə necə dəstək verə biləcəyimizi görmək üçün bütün variantları açıq saxlamalıyıq. Əgər söhbət bu variantdan gedirsə, Qərb ordusu NATO və ya 10-15 dövlətdən ibarət ittifaqın himayəsi altında hərəkət edəcək. Bir və ya iki ölkə bunu etsə, çox qəribə olardı" - komandan bildirib.

Qeyd edək ki, fevralın 26-da Slovakiyanın Baş naziri Robert Fiko bildirib ki, bir sıra Aİ və NATO-ya üzv dövlətlər Kiyevlə ikitərəfli razılaşmalar əsasında Ukraynaya öz hərbi qulluqçularını göndərmək imkanını nəzərdən keçirirlər. Fransa Prezidenti Emmanuel Makron da belə bir ehtimalın istisna olmadığını bəyan edib. NATO-nun baş katibi Yens Stoltenberq fevralın 27-də bəyan edib ki, NATO-nun belə bir planı yoxdur. Oxşar bəyanatlarla Almaniya, Çexiya, Polşa, İsveç hökumət başçıları və Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri çıxış ediblər.

Turan İSMAYIL