Aİ və ABŞ Avropa peyklərin buraxılması ilə bağlı saziş imzalaya bilər
Avropa İttifaqı və ABŞ bu il Amerika ərazisindən "Galileo" naviqasiya sistemi ilə Avropa peyklərinin buraxılması ilə bağlı razılığa gələ bilər.
Redaktor.az xəbər verir ki, bu barədə Vaşinqton və Brüssel arasında saziş layihəsi ilə tanış olan "Euractiv" portalı məlumat yayıb.
Bildirilib ki, Avropa İttifaqı ölkələrinin ekspertləri martın 1-də Brüssel tərəfindən naviqasiya peyklərinin ABŞ-dən buraxılması üçün təhlükəsizlik tələblərini müəyyən edən beynəlxalq müqavilənin imzalanması məqsədi ilə Avropa Komissiyasının təklifini öyrənəcəklər.
“"Galileo" peyklərində olan məlumatların təhlükəsizliyini təmin etmək üçün ABŞ-də "Galileo" peyklərinin bütövlüyünü və Aİ-nin məxfi məlumatlarının məxfiliyini qorumaq üçün Birləşmiş Ştatlar ilə qanuni qüvvəyə malik saziş lazımdır”, - saziş layihəsində deyilir.
Sənəd tərəflər arasında mübahisələrin həlli, fövqəladə hallar zamanı tərəflərin məsuliyyətinin müəyyən edilməsi, həmçinin Aİ-nin məxfi məlumatlarına çıxışı nəzərdə tutur. Müqavilə layihəsi ABŞ-nin peyklərin təhlükəsizliyini təmin etməli və assosiasiyanın həssas məlumatlarına hər hansı müdaxilənin qarşısını almaq üçün ciddi tələblərə əməl etməli olduğunu göstərir.
Turan İSMAYIL