Tramp 7 ştatda Baydeni geridə qoydu
ABŞ Prezidenti Co Bayden qarşıdan gələn prezident seçkilərinin nəticələrinə qərar verə biləcək yeddi ştatın hamısında keçmiş lider Donald Trampdan geridə qalır.
Redaktor.az xəbər verir ki, bunu "Bloomberg"in dərc etdiyi sorğunun nəticələri sübut edir.
Belə ki, yeddi ştatda sorğu iştirakçılarının 48%-i prezident seçkiləri bu gün keçirilsə, Trampa səs verəcəklərini, respondentlərin 43%-i isə Baydeni dəstəkləyəcəyini bildirib. Söhbət Arizona, Viskonsin, Corciya, Miçiqan, Nevada, Pensilvaniya, Şimali Karolinada ayrıca keçirilən bu sorğuların ümumi göstəricisindən gedir. Qeyd olunur ki, Tramp bu ştatların hər birində Baydeni qabaqlayır və onun liderliyi 2%-dən 9%-ə qədər dəyişir.
Sorğu fevralın 12-dən 20-dək aparılıb. Orada 5 minə yaxın seçici iştirak edib. Səhv orta hesabla 1 faiz bəndi təşkil edib.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrda keçiriləcək. 25 aprel 2023-cü ildə Demokrat Bayden ən yüksək hökumət ofisinə yenidən seçilmək istəyəcəyini açıqladı. Onun sələfi Tramp 2022-ci ilin noyabrında yarışa qatılacağını açıqladı və Respublikaçılar Partiyasından prezidentliyə namizədlik uğrunda mübarizədə favorit hesab olunur.
Turan İSMAYIL