Avropa İttifaqı Rusiya taxılına qadağa qoya bilər
Vilnüsdə səfərdə olan Litvanın və Polşanın baş nazirləri İnqrida Simonyte və Donald Tusk hesab edirlər ki, Rusiya və Belarus taxılının icma ölkələrinə idxalını qadağan etmək üçün Avropa İttifaqının vahid qərarı lazımdır.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, hökumət başçıları birgə mətbuat konfransında bu məsələ ilə bağlı ölkələrinin ümumi fikrini təqdim ediblər.
"Mən əminəm ki, Avropa İttifaqının ümumi qərarı ayrı-ayrı ölkələrin qərarlarından qat-qat təsirli olacaq. İstərdim ki, biz Avropa İttifaqı olaraq Rusiya və Belarusun kənd təsərrüfatı məhsullarına qarşı sanksiyalar məsələsini birlikdə həll edək", - Tusk bildirib.
Litvanın baş naziri öz mövqeyini bölüşüb. "Ayrı-ayrı ölkələr bunu edəndə, onlar həmişə sanksiyalardan yan keçmək üçün çatlar axtarmağa başlayırlar. Biz belə bir Avropa təşəbbüsünü dəstəkləyirik, çünki bu, həqiqətən işə yarayan yeganə təşəbbüs olardı", - Şimonyte qeyd edib.
Turan İSMAYIL