ABŞ-nin Rusiyadakı səfirinə xəbərdarlıq edildi

 15:22 07.03.2024     219

ABŞ səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"ABŞ-ın Rusiyadakı səfiri Linn Treysi bu gün Xarici İşlər Nazirliyinə çağırılıb və ona bildirilib ki, ABŞ-ın üç QHT-sinin ("Institute of International Education", "American Councils for International Education", "Cultural Perspectives") Səfirliyin dəstəyi ilə həyata keçirmiş, Rusiya Federasiyasında təhsil və mədəniyyət mübadiləsi adı altında “təsir agentlərinin” cəlb edilməsinə yönəlmiş anti-Rusiya proqramları və layihələri arzuolunmaz hesab edilir", - Rusiya XİN-in yaydığı məlumatda bildirilib.

Səfirə rəsmi nota təqdim olunub ki, bu QHT-lərin fəaliyyətində hər hansı yardım dayandırılsın, bu, davam edərsə, Rusiya qanunvericiliyinin pozulması kimi qiymətləndiriləcək, həmçinin "diplomatik nümayəndəliyin rəsmi saytından və sosial şəbəkələrdən Rusiya cəmiyyətinə yad münasibət və dəyərləri təbliğ etməyə yönəlmiş bu QHT-lər tərəfindən həyata keçirilən təhsil layihələrinin və proqramlarının siyahısı silinsin”.

Xüsusilə vurğulanıb ki, Rusiya Federasiyasının daxili işlərinə qarışmaq cəhdləri, o cümlədən seçkilər və xüsusi hərbi əməliyyatlar kontekstində təxribat xarakterli hərəkətlər və dezinformasiyaların yayılmasının sərt və qətiyyətlə qarşısı alınacaq. Bu cür hərəkətlərdə iştirak edən ABŞ səfirliyinin əməkdaşları “persona non grata” elan olunacaq.