Çin "TikTok" vasitəsilə ABŞ-dəki seçkilərə təsir edə bilər - Kəşfiyyat

 23:11 12.03.2024     280

ABŞ kəşfiyyatı Çinin noyabrda Amerikada keçiriləcək ümumi seçkilərə təsir etmək üçün "TikTok" sosial şəbəkəsindən istifadə edə biləcəyini iddia edir.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə BŞ Milli Kəşfiyyatının direktoru Avril Haynes deyib.

"Biz ÇKP-nin (Çin Kommunist Partiyası - red.) bundan istifadə edə biləcəyini istisna edə bilmərik. Düzdür", - o bildirib.

Haynes Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Seçilmiş Komitəsində Pekinin ABŞ-də keçiriləcək seçkilərə təsir etmək üçün "TikTok"dan istifadə edib-etməməsinə dair dinləmələrdə şərh verib.

Öz növbəsində dinləmələrdə də iştirak edən ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey "TikTok" sosial şəbəkəsini milli təhlükəsizliyə təhdid kimi gördüyünü mahiyyətcə təsdiqləyib. "Mən "TikTok" və onun qaldırdığı milli təhlükəsizliklə bağlı fikirlərim barədə çox açıq danışdım. Biz "TikTok"u FTB-nin istifadə etdiyi bütün cihazlarda qadağan edirik", - FTB direktoru bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Amerika Prezidenti Co Bayden bu sənədin ABŞ Konqresi tərəfindən təsdiqlənəcəyi təqdirdə ölkədə "TikTok" sosial şəbəkəsinə qadağa qoyulmasının mümkünlüyünü nəzərdə tutan qanun layihəsini imzalayacağını açıqlamışdı. Hazırlanan qanun layihəsi "TikTok" ilə "ByteDance" də daxil olmaqla istənilən “Çin tərəfindən idarə olunan qurum” arasında əlaqələri kəsmək məqsədi daşıyır. Sonuncu hazırda sosial şəbəkənin sahibidir. Qanun layihəsinin müəllifləri şirkətə sosial şəbəkəni satmaq üçün altı ay vaxt verirlər. Əgər bu edilməsə, o zaman "TikTok"un ABŞ-də yayılmasına, o cümlədən müvafiq tətbiqin şəbəkə platformalarında yerləşdirilməsinə qadağa qoyulacağı gözlənilir. ABŞ qanunvericiləri eyni tədbirləri gələcəkdə istənilən “düşmən tərəfindən idarə olunan tətbiqlərə” şamil etməyi təklif edirlər.

Qeyd edək ki, qısa videolar yükləməyə imkan verən "TikTok" sosial şəbəkəsi 2017-ci ildə, beynəlxalq versiyası isə 2018-ci ilin avqustunda istifadəyə verilib. Əvvəllər Amerika administrasiyasının nümayəndələri dəfələrlə belə fikirlər səsləndiriblər ki, Çin sosial şəbəkəsi ABŞ üçün təhlükə yaradır və bu və ya digər şəkildə aradan qaldırılmalıdır. Vaşinqtonun fikrincə, Çin hakimiyyət orqanları və kəşfiyyat xidmətləri bu sosial şəbəkədən istifadə etməklə, o cümlədən ABŞ-də məlumat toplaya bilər.

Turan İSMAYIL