Paşinyan Ermənistanın Qərbə istiqamətini ictimai müzakirəyə ÇAĞIRDI

 12:16 14.03.2024     220

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentinin ölkəyə Avropa İttifaqına (Aİ) üzvlüyünə namizəd statusunun verilməsi məsələsinə baxmağı təklif edən qətnaməsinə münasibət bildirib və bunu ölkənin gələcəyini müzakirə etmək üçün daha bir səbəb adlandırıb.

Redaktor.az-ın "Sputnik Armenia"ya istinadən məlumatına görə, Nazirlər Kabinetinin iclasında Paşinyan bildirib ki, Ermənistan hakimiyyəti “Avropa İttifaqı ilə münasibətləri dərinləşdirmək əzmi və iradəsi ilə doludur”. Baş nazir hesab edir ki, dünənki qətnamə Ermənistanda geniş ictimai müzakirə obyektinə çevrilməlidir.

“Ümid edirəm ki, ölkənin siyasi qüvvələri, ictimai təşkilatlar, cəmiyyətin müxtəlif təbəqələri, vətəndaşlar Avropa Parlamentinin bu mesajına öz münasibətini bildirəcəklər”.

Onun fikrincə, bu cür mesajlar daha böyük ictimai rezonansa ehtiyac duyur və təkcə hökumətin reaksiyası ilə məhdudlaşmamalıdır.

Qeyd edək ki, Avropa Parlamenti bundan əvvəl Ermənistana Aİ üzvlüyünə namizəd statusunun verilməsi imkanının nəzərdən keçirilməsini təklif edən qətnaməni təsdiqləyib. Sənədin müəllifi Avropa Xalq Partiyasının fraksiyasıdır.

Sənəddə qeyd olunur ki, əgər Ermənistan namizəd statusu almaqda maraqlıdırsa və “sabit islahatlar yolunu davam etdirsə, demokratiyasını gücləndirsə”, o zaman bu, Aİ-Ermənistan münasibətlərində transformasiya mərhələsi üçün əsas ola bilər.

Avropa Parlamentinin üzvləri Aİ liderlərinə Ermənistanı fəal şəkildə dəstəkləməyə çağırıb.

Turan İSMAYIL