"Qərblə münasibətlərimizin dərinləşməsi Rusiyaya qarşı yönəlməyib" - Mirzoyan
Ermənistan hər hansı ölkəyə qarşı heç bir planda iştirak etmir.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan XİN rəhbəri Ararat Mirzoyan ölkə parlamentinin xarici əlaqələr komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.
“Mən sizi əmin edirəm və rəsmi şəkildə bəyan edirəm ki, Ermənistan heç kimə qarşı hər hansı bir planda iştirak etmir və münasibətlərini bunun üzərində qurmur”, - ölkəsinin xarici siyasət kursu barədə danışan erməni nazir deyib.
“Əgər siz Rusiyanı və Qərblə münasibətlərimizin dərinləşməsini nəzərdə tutursunuzsa, o zaman tam açıq deyə bilərəm: Qərblə, Avropa İttifaqı (Aİ) ilə münasibətlərimizin dərinləşməsi Rusiyaya qarşı yönəlməyib, bu ölkə ilə münasibətləri kəsmək məqsədi daşımır.
Aİ ilə münasibətlərin dərinləşməsinin hətta qonşu ölkələrə də qarşı istifadə edilməsi nəzərdə tutulmur. Məqsəd yalnız Ermənistan təhlükəsizlik zəmanətlərini artırmaqdır.
Bizim mövqeyimiz budur: Türkiyə ilə münasibətlərin tam normallaşması, Azərbaycanla sülh prosesinin həyata keçirilməsi və bütün bu addımlar yenə də heç kimə qarşı yönəlməyib”, - Mirzoyan komitə iclasında bildirib.