Zelenski Mişellə danışıqlarının detallarını AÇIQLADI
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında telefon danışığı olub.
Redaktor.az xəbər verir ki, tərəflər Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqlar istiqamətində gələcək addımları müzakirə ediblər.
“İlk növbədə, biz Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların faktiki başlanması istiqamətində gələcək addımları, həmçinin Aİ-nin Ukraynaya gələcək hərtərəfli dəstəyini müzakirə etdik”, – Zelenski özünün teleqram kanalında yazıb.
Dövlət başçısının sözlərinə görə, o, Aİ Şurasının Ukraynaya Avropa Sülh Fondu çərçivəsində 5 milyard avro dəyərində xüsusi Yardım Fondunun yaradılması qərarını təsdiq etdiyi üçün Şarl Mişelə təşəkkür edib.
Digər məsələlərlə yanaşı, tərəflər aşağıdakı sualları qaldırıblar:
Ukraynaya artilleriya sursatlarının tədarükünü artırmağın mümkün yolları;
Ukrayna üçün avtonom ticarət üstünlüklərinin qüvvədə olma müddətinin daha bir il uzadılmasının vacibliyi.
“O, Aİ ilə ticarətin liberallaşdırılması rejiminin davam etdirilməsinin müharibə zamanı Ukrayna iqtisadiyyatının dəstəklənməsi üçün kritik amil olduğunu vurğuladı”, - deyə Zelenski əlavə edib.
Turan İSMAYIL