Ukraynadan taxıl idxal edən şirkət Polşada cərimələnəcək

 16:38 19.03.2024     348

Texniki taxıl adı altında Ukrayna ərzaq taxılını idxal edən Polşa şirkəti bir neçə milyon zloti (1 zloti təxminən 0,25 dollara bərabərdir) cərimələnəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Polşanın kənd təsərrüfatı və kənd inkişafı nazirinin müavini Stefan Krayevski "TVP İnfo" kanalında məlumat verib.

“Bu günlərin birində taxıl idxal edib onu texniki elan edən, sonra isə onu qida və yem məqsədləri üçün dövriyyəyə buraxmağa cəhd edən şirkətə ilk cəriməni verəcəyik. Bu cərimə milyonlarla zloti ilə hesablanacaq", - deyən məmur konkret məbləğ və ya şirkətin adını açıqlamadan əlavə edib.

O qeyd edib ki, Polşada “texniki taxıl” termini rəsmi olaraq mövcud deyil. "Əvvəlcə kimsə "texniki məqsədlər üçün taxıl" anlayışının istifadəsinə icazə verdi və sonra bu ad "texniki taxıl" olaraq dəyişdirildi", - Kraevski deyib.

Turan İSMAYIL