Moldova Rusiya nümayəndə heyətini Kişinyova BURAXMADI - "Onlayn qoşulsunlar..."

 17:03 19.03.2024     346

Moldova Xarici İşlər Nazirliyi Rusiya nümayəndə heyətini BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Kişinyovda keçirilən sessiyasında görmək istəmir.

Redaktor.az xəbər verir ki, bu barədə TASS müxbirinə Rusiya səfiri Oleq Vasnetsov məlumat verib.

"Bizə dedilər ki, Rusiya nümayəndə heyətini BMT-nin beynəlxalq ərzaq təşkilatı olan FAO-nun may ayında Kişinyovda keçiriləcək sessiyasında görmək istəmirlər. O, Moldova Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunur. Bizə təklif olundu Rusiya nümayəndə heyəti istəsə, onlayn qoşula bilər...”, - Vasnetsov bildirib.

Qeyd edək ki, FAO-nun Avropa üzrə regional konfransının 34-cü sessiyasının bu ilin mayında Kişinyovda keçirilməsi planlaşdırılır. Sessiyada FAO-nun Avropa və Mərkəzi Asiya regionundan üzvləri, həmçinin BMT fondlarının, proqramlarının və ixtisaslaşmış qurumlarının nümayəndələri iştirak edəcəklər.

Bu gün səhər saatlarında Moldova Xarici İşlər Nazirliyi tanınmamış Dnestryanı bölgədə Rusiya prezident seçkiləri üçün seçki məntəqələrinin işi ilə bağlı etirazını bildirib və Rusiya səfirliyinin əməkdaşını persona non-qrata elan edib.

Öz növbəsində, Vasnetsov deyib ki, Rusiya hakimiyyəti vətəndaşlarının seçkilərdə iştirak etmək imkanının təmin edilməsini xahiş edən çoxlu sayda müraciətlər alıb.

O qeyd edib ki, istənilən diplomatik nümayəndəliyin vəzifəsi öz vətəndaşlarının qanuni hüquq və mənafelərinin müdafiəsinə yardım etməkdir.

Sultan AYXAN