İraqın şimalında “təhlükəsiz bölgə” yaradılacaq

 13:33 21.03.2024     513

İraq sərhədində "təhlükəsiz bölgə" yaradaraq Türkiyəyə uzaqdan gələn təhlükəni qarşılamaq, nəqliyyat və enerji layihələri ilə bölgənin rifahının inkişafına töhfə vermək hədəflənir.

Redaktor.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyindəki (MMN) mənbələrdən bildirilib.

Məlumata görə, Türkiyə hərbi-siyasi rəhbərliyinin İraq hakimiyyəti ilə son görüşlərindən sonra həftəlik mətbuat brifinqi keçirilib.

Nazirlik mənbələri İraq hakimiyyəti ilə son görüşlərdən sonra Birgə Əməliyyatlar Mərkəzinin yaradılıb-yaradılmayacağı ilə bağlı suallara cavab veriblər.

“İraqla danışıqlar müəyyən səviyyələrdə davam edir. Dekabrda keçirilən ikinci görüş bu yaxınlarda Bağdadda keçirilib. İki ölkə arasında imzalanması planlaşdırılan Strateji Çərçivə Sənədi üçün hazırlıqlar davam edir. Bu sənədə daxil etmək istədiyimiz məsələlərdən biri də Birgə Əməliyyatlar Mərkəzinin yaradılmasıdır. Bu əməliyyat mərkəzinin fəaliyyəti ilə bağlı texniki detallar da sözügedən sənəd imzalandıqdan sonra müəyyən ediləcək”, - nazirlik təmsilçisi qeyd edib.