Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
1862-ci ildə İsveçin Oknö bölgəsində 5 uşaqlı bir ailənin tək qızı olaraq dünyaya gələn Karolina Olsson başına gələn qeyri-adi hadisə ilə adını tibb tarixinə yaza bilir.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, o, 14 yaşı olarkən diş ağrısı ilə yuxuya gedir. Bu yuxu düz 32 il sürür.
Belə ki, bir gün Karolina məktəbdən qayıdarkən yıxılaraq başı yerə dəyir. Evə gəlib vəziyyəti ailəsinə danışdıqdan sonra valideynlərinin müdaxiləsi ilə qısa müddətdə onun heç bir ağrısı qalmır. Növbəti gün isə o dərsdən şiddətli diş ağrısı və üzü şişmiş halda evə gəlir. Bu dəfə ailəsi qızına yatıb dincəlməyi məsləhət görür.
Balaca Karolina yatmağa gedir və 32 il həmin yataqdan qalxa bilmir.
Günlər və aylar bir-birini əvəzləyir, ailəsi qızlarına nə olduğunu anlaya bilmir. Düz 6 il sonra valideynləri Karolinanı həkimə aparmaq qərarına gəlir. Karolinanın vəziyyəti yuxu pozğunluğu ilə bağlı aparılan bütün araşdırmalara zidd idi. Həkimlərin fikrincə, Karolina demensiya ilə əlaqəli insult keçirə bilərdi. Ancaq bunu heç vaxt sübut edə bilmədilər.
Karolinanın ailəsi artıq bu vəziyyəti qəbul edir. Anası hər gecə yatarkən qızına süd verməyə davam edirdi.
Maraqlıdır ki, Karolina verilən heç bir yeməyi yeyə bilməsə də, bədəni şəkərli südü qəbul edirdi. Yatsa da arıqlamırdı, üstəlik, dırnaqları, saçları uzanmırdı. O, illərdir yatsa da, zehni kifayət qədər aktiv idi. Müşahidələrə görə, Karolina ətrafındakı hadisələrə kiçik mimikalarla reaksiya verirdi. Eynən qardaşının ölümündən sonra günlərlə gözlərindən axan yaşlar kimi.
Qızı yatarkən 29 il ona baxan Karolinanın anası dünyasını dəyişir. Karolinaya baxacaq heç kim qalmadıqda ailəsi onun üçün qulluqçu tutur. Xidmətçi qadın bütün ehtiyaclarını tam yerinə yetirir və anasının qoyduğu nizamı davam etdirir. Anasının ölümündən cəmi 3 il sonra Karolinanın vəziyyətində inanılmaz dəyişiklik baş verir.
Belə ki, 1908-ci ildə Karolina 32 illik yuxusundan oyanır, lakin o, heç nə xatırlaya bilmir.
Karolinanın oyandığını öyrənən həkimlər onun yanına gələrək bir sıra analizlər aparırlar. Testlər Karolinanın arıqlamadığını və real yaşından çox gənc davrandığını, illərin ona çox da təsir etmədiyini göstərir.
İtirilmiş illərə baxmayaraq, 42 il sağlam yaşayır. O, 1950-ci ildə 88 yaşında vəfat edir.
Karolinanın bənzərsiz hekayəsi onu “Oknönün yatan gözəli” edir. Bütün araşdırmalara baxmayar bu yuxunun səbəbi məlum olmur. Bu hadisə tibb tarixinə “Karolina Olsson virusu” kimi düşdü (qafqazinfo).