Qəzzada dərhal atəşkəs tələb edən qətnamə qəbul edildi

 19:52 25.03.2024     357

BMT Təhlükəsizlik Şurası Qəzza zolağında Ramazan ayı üçün dərhal atəşkəs tələb edən qətnamə qəbul edib.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, Şuranın seçilmiş 10 üzvünün təqdim etdiyi qətnamənin lehinə 14 ölkə səs verib, ABŞ isə səsvermədə bitərəf qalıb.

Qətnamədə bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsi, habelə onların tibbi və digər humanitar ehtiyaclarını həll etmək üçün yardımın göstərilməsinə mane olan bütün məsələlərin aradan qaldırılması tələb olunur.

Rəsmi mətndə deyilir ki, tərəflər saxladıqları bütün şəxslərə münasibətdə beynəlxalq hüquq çərçivəsində götürdükləri öhdəliklərə əməl etməlidirlər.

BMT-nin məlumatına görə, artıq 171-ci günündə olan müharibə Qəzza əhalisinin 85 %-ni kəskin ərzaq, təmiz su və dərman qıtlığı fonunda daxili köçkünə sövq edib.

Qeyd edək ki, Qəzzada atəşkəs tələb edən qətnamə ilk dəfə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilib.