Türkiyə yaya qədər İraqla sərhəddə təhlükəsizliyini tam şəkildə təmin edəcək - Ərdoğan
Yaya qədər Türkiyə İraqla sərhədinin tam təhlükəsizliyini təmin edəcək, burada mütəmadi olaraq PKK terrorçularına qarşı əməliyyatlar keçirəcək.
Redaktor.az xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Batman şəhərində keçirilən mitinqdə deyib.
"Separatçı təşkilatın (PKK - red.) torpaqlarımızda mövcudluğu sona çatıb. Bu ilin yayına qədər biz İraqla sərhədimizi təmin edəcəyik", - o deyib. Vaşinqtonun PKK-ya dəstəyinə toxunan Ərdoğan əlavə edib: "Biz hakimiyyətdə olduğumuz müddətdə heç kim köhnə qaranlıq günləri geri qaytara bilməyəcək. Heç kim terror təşkilatlarından istifadə edərək Türkiyəni manipulyasiya edə bilməyəcək".
Qeyd edək ki, Türkiyə hakimiyyəti dəfələrlə ABŞ-ni yaraqlıları Suriya və İraqın şimalında türk hərbçilərinə hücumlar həyata keçirən, həmçinin zorakılıq aktları törətmək üçün respublika ərazisinə soxulan PKK-nı himayə etməkdə və dəstəkləməkdə ittiham edib. Ankara belə bir siyasətin ABŞ və Türkiyə arasında müttəfiqlik münasibətlərinə zidd olduğunu bildirir.
Türkiyə İraq və Suriyanın şimalında PKK-ya qarşı geniş sərhədyanı hərbi əməliyyat keçirmə imkanını aktiv şəkildə müzakirə edir. Onun nəticələrinə əsasən, İraqda 40 km-ə qədər dərinlikdə təhlükəsizlik zonasının yaradılması planlaşdırılır. Oxşar zona Suriyanın şimalında da yaradıla bilər.
Turan İSMAYIL