Ərdoğan Qəzza ilə bağlı söz verdi
Türkiyə müsəlmanların müqəddəs Ramazan ayında Qəzza zolağında dərhal atəşkəs haqqında BMT Təhlükəsizlik Şurasının qətnaməsinin yerinə yetirilməsi üçün səy göstərəcək.
Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan respublikanın cənub-şərqindəki Batman şəhərində martın 31-nə təyin edilmiş yerli seçkilər ərəfəsində keçirilən mitinqdə deyib.
"Biz BMT Təhlükəsizlik Şurasının Qəzzada atəşkəslə bağlı qərarını alqışlayırıq. Biz bu qətnamənin həyata keçirilməsi üçün mümkün olan hər şeyi edəcəyik və Qəzzadakı qardaşlarımız üçün ən qısa zamanda sülh və əmin-amanlığın təmin edilməsi üçün lazımi səyləri göstərəcəyik. Qərbin ərköyün övladı olan İsrailə təzyiqləri artırmaq lazımdır ki, o, BMT-də qəbul edilən qərara tabe olsun”, - deyə Ərdoğan bildirib.
Türkiyə hakimiyyəti bundan əvvəl də dəfələrlə İsrailə qarşı sərt bəyanatlar verib, onu Qəzzada hərbi cinayətlər törətməkdə ittiham edib və BMT-nin Beynəlxalq Məhkəməsindən hesabat tələb edib. Ankara həmçinin İsrail və Fələstin münaqişəsinin həllində qarant missiyasını öz üzərinə götürməyə hazır olmasından danışır.
Martın 25-də BMT Təhlükəsizlik Şurası təşkilatın onlarla qeyri-daimi üzvü tərəfindən hazırlanmış və Ramazan ayı ərzində Qəzza zolağında dərhal atəşkəs tələbini özündə əks etdirən qətnamə qəbul edib. Böyük Britaniya, Çin, Rusiya və Fransa da daxil olmaqla, Təhlükəsizlik Şurasının 14 ölkəsinin hamısı qətnamənin lehinə səs verib. Yalnız ABŞ bitərəf qalıb.
Turan İSMAYIL