Ruslar terror aktı barədə əvvəlcədən məlumatlı olub - Kəşfiyyat rəhbəri

 14:17 28.03.2024     191

Rusiya xüsusi xidmət orqanları "Crocus City Hall" konsert zalında gözlənilən terror aktı barədə əvvəlcədən məlumatlı olub.

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib.

“Ən azı 2024-cü il fevralın 15-də Rusiyanın hazırlıqdan xəbəri var idi. Bu məlumat Suriyadakı kəşfiyyat idarəsindən Moskvaya çatdırılıb. Ona görə də nağıl danışmasınlar ki, qəribə bir şəkildə hər şey birdən-birə reallaşıb”, - Budanov vurğulayıb.

Onun sözlərinə görə, Kreml yaraqlıların Rusiyaya hara və hansı iki ölkə vasitəsilə gələcəyini bilirdi.

“Niyə buna icazə verdilər? Bir neçə variant var: birincisi, onların adəti üzrə, indi bir neçə məmuru vəzifədən uzaqlaşdırmaq üçün “qüllələr” arasında döyüşdür. Başqa bir ehtimal odur ki, onlar həqiqətən baş verəcəkləri qiymətləndirmədilər. Onlar Ukraynanı günahlandırmaq istəyirdilər”, - Budanov bildirib.

Terrorda “Ukrayna izi”nin axtarılmasından danışan Ukrayna hərbi kəşfiyyatının rəhbəri qeyd edib ki, Rusiya hakimiyyəti "Crocus City Hall"da baş verənlərlə bağlı öz versiyalarını artıq üç dəfə dəyişib.
“Məni şəxsən ittiham edən Patruşev və Bortnikov izahat verdilər və bütün bunların müəllifi Ukraynadır. Bu axmaqlıqdır. Yeri gəlmişkən, Rusiya Federasiyasının hakimiyyət orqanları bizim düşmənimiz olsa da, dinc əhaliyə qarşı terror aksiyalarını kökündən bəyənmirəm”, - Budanov bildirib.

Son məlumatlara görə, martın 22-də Moskva yaxınlığında törədilən terror aktı nəticəsində 143 nəfər ölüb, bundan iki dəfə çox insan yaralanıb. Hücuma görə məsuliyyəti "İslam Dövləti"nin “Vilayət Xorasan” adlı hücrəsi üzərinə götürüb. Eyni zamanda Rusiya hakimiyyəti terrorun arxasında Ukraynanın dayandığını iddia edir. Onlar ABŞ və Böyük Britaniyanı da günahlandırırlar.