“Crocus”dakı terror aktında ölənlərdən 134 nəfərin kimliyi müəyyənləşdi
Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında baş vermiş terror aktında ölənlərdən 134 nəfərin kimliyi müəyyənləşib.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi teleqramda məlumat yayıb.
Bildirilib ki, hələlik kimliyi məlum olmayan digər qurbanlar üçün genetik müayinələr aparılır.
Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı baş verib. Silahlı şəxslər konsert zalının binasına soxulub, atəş açıb və məkanı yandırıblar, sonra isə hadisə yerindən qaçıblar. Son məlumata görə, ölənlərin sayı azı 144 nəfərdir, 551 nəfər yaralanıb. Eyni zamanda, 95 nəfər itkin düşmüş və ya "hesaba qatılmamış" sayılır.
Federal Təhlükəsizlik Xidmətinin (FTX) açıqlamasına görə, “Crocus” terroru” işi çərçivəsində ümumilikdə 11 nəfər saxlanılıb. Bu günə qədər səkkiz təqsirləndirilən şəxs, o cümlədən icraçı olduğu güman edilən dörd nəfər həbs edilib.
Hadisədən yalnız 19 saat sonra sükutu pozmuş Rusiya Prezidenti Vladimir Putin çıxışında FTX-nin məlumatlarına istinadən bildirib ki, terrorçular Ukrayna yönünüdə hərəkət edirdilər və onlar üçün“Ukrayna tərəfindən dövlət sərhədini keçmələri üçün pəncərə hazır idi”.
Daha sonra kəşfiyyat rəsmiləri ilə görüşdə Rusiya lideri hücumun “radikal islamçıların əli ilə” həyata keçirildiyini açıqlayıb. Eyni zamanda, Putin bu cinayətin “neonasist Kiyev rejiminin əli ilə 2014-cü ildən bəri ölkəmizə qarşı vuruşanların bir sıra cəhdlərinin halqası” ola biləcəyini istisna etməyib. FTX-nin direktoru Aleksandr Bortnikov faktiki olaraq dövlət başçısının narrativinə sadiq qalaraq deyib ki, Ukrayna ərazisində terrorçular üçün “pəncərə hazırlanmışdı” və onlar “qəhrəman kimi qarşılanacaqdılar”.
Bundan başqa, “Meduza”nın məlumatına görə, dövlət və hökumətə yaxın Rusiya mediası Rusiya Prezident Administrasiyasından “Crocus City Hall”da terror aktı ilə bağlı məqalələrdə mümkün “Ukrayna izini” vurğulamaq üçün göstərişlər alıblar.
Martın 26-da Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib ki, “Crocus City Hall”da terror aktını törətdikləri iddia edilən şəxslər respublikaya “daxil ola bilməyəcəklərini” görüblər deyə “üzlərini çevirib Ukrayna-Rusiya sərhədi hissəsinə gediblər”.
Lukaşenkonun sözlərinə görə, terror aktından sonra həm Rusiya, həm də Belarusun sərhədyanı bölgələri gücləndirilmiş təhlükəsizlik rejiminə keçib. Yollarda postlar qurulub, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Komitəsinin (DTK), Dövlət Sərhəd Komitəsinin qüvvələri və hərbçilər cəlb olunub.
Belarus lideri əlavə edib ki, şübhəlilərin Bryansk istiqamətində hərəkət etdiyi barədə məlumat alan Belarus və Rusiya rəsmiləri cinayətkarların ehtimal olunan hərəkəti istiqamətində öz ərazilərinə məhdudiyyət qoymaq barədə razılığa gəliblər.
Rusiyanın rəsmi çevrələri və mediası tərəfindən gündəmdə saxlanılan “Ukrayna izi”nə baxmayaraq, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov martın 27-də “İzvestiya”ya verdiyi açıqlamasında bu versiyanı təsdiqləməyib, lakin mümkünlüyünü də istisna etməyib.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi general-leytenant Kirilo Budanov Rusiyanın fevralın 15-dən “Crocus City Hall”da terror aktı hazırlandığından xəbərdar olduğunu bildirib.