İsrail hərbçilərinin 3 britaniyalını öldürməsi qalmaqal yaratdı - Səfir XİN-ə çağırıldı

 19:43 02.04.2024     339

İsrailin Londondakı səfiri İsrailin zərbəsi nəticəsində Qəzzada üç britaniyalının ölümündən sonra Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Redaktor.az "The Telegraph"a istinadən xəbər verir ki, İsrailin Böyük Britaniyadakı səfiri Tzipi Hotoveli xəbərlər yayıldıqdan sonra Xarici İşlər Nazirliyinə çağırılaraq ona Londonun etirazı çatdırılıb.

Sayt qeyd edib ki, İsrail səfirinin çağırılması Böyük Britaniyanın hadisəyə nə qədər ciddi yanaşdığının əksi kimi qəbul edilir.

Bu arada Böyük Britaniya xarici işlər nazirinin müavini Endryu Mitçel İsrail səfiri ilə görüşü barədə bəyanat yayıb.

"Mən üçü britaniyalı da daxil olmaqla yeddi "World Central Kitchen" yardım işçisinin dəhşətli qətlini hökumətin birmənalı şəkildə pislədiyini bildirdim. Mən tez və şəffaf istintaq aparılmasını, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasını və hadisəyə məsul şəxslərin tam məsuliyyətə cəlb olunmasını tələb etdim" - nazir müavini deyib.

Turan İSMAYIL