"Hizbullah" döyüşçüləri İsraildə hərbi bazaya raket zərbələri endirdi
"Hizbullah" Qərbi Qalileydəki Geşer Həziv qəsəbəsindəki İsrail hərbi bazasına çoxsaylı raket sistemləri ilə hücum edib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun "Telegram" kanalında yerləşdirilmiş bəyanatında deyilir.
“İslam müqavimət döyüşçüləri bu əməliyyatı Qəzza zolağında Fələstin xalqına dəstək və İsrailin Livanın mülki kəndlərinə hücumlarına cavab olaraq həyata keçirib”, - mətndə qeyd edilir.
Bildirilib ki, "Hizbullah" əsgərləri Ramimdəki ordu kazarmalarını və Malkiya, Ruveysat və Səməkdə möhkəmləndirilmiş əraziləri artilleriya atəşinə tutub. “Birbaşa zərbə nəticəsində düşmən itki verib”, - açıqlamada deyilir.
Qeyd edək ki, bundan əvvəl İsrail hərbi hava qüvvələri və pilotsuz təyyarələri "Hizbullah"ın Ayt əş-Şaab, Şeyxin və Yarin kəndlərindəki postlarına reydlər həyata keçirib. İki şiə döyüşçü öldürülüb, bir livanlı qadın isə yaralanıb.
Turan İSMAYIL