Köçəryan Ermənistandan qaçıb?
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu il yanvarın sonunda Almaniyaya gedib.
Redaktor.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Bildirilib ki, tərəfdarları Robert Köçəryanın fəal siyasətdən getmədiyini və komandadaxili prosesləri idarə etdiyini deyərək xəbəri təkzib etsələr də, reallıq belə deyil. Məlumata görə, keçmiş prezident “Ermənistan” parlament fraksiyasındakı müttəfiqləri ilə həftələrdir görüşmür.
Qəzet bildirib ki, Köçəryan çoxdandır Avropada, çox güman Almaniyadadır: “Hətta oradan martın 8-də qadınları və martın 17-də Vladımır Putini yenidən Rusiya Prezidenti seçilməsi münasibəti ilə təbrik edib”.
“Hraparak” ın məlumatına görə, o, yanvarın sonunda Ermənistanı tərk edib.
Qəzet məsələ ilə bağlı “Ermənistan” fraksiyasının deputatı Aqnes Xamoyana müraciət edərək sonuncu dəfə Köçəryanla nə vaxt görüşdüklərini və nəyi müzakirə etdiklərini soruşub. O axırıncı dəfə səyyar toplantıda görüşdüklərini deyib. Bu görüş isə ötən ilin dekabrında olub.
“Köçəryanın xaricdə olduğu xəbəri doğrudur” sualına cavabında isə deyib ki, ölkədən çıxması ilə bağlı R.Köçəryanın vəkilləri qrupunun məhkəmədəki son vəsatəti təmin olunub: “Başqa heç bir şərh verə bilmərəm”.