Amerikalıların üçdə biri Bayden və Trampın yaxşı prezident olduğunu düşünmür
Amerikalıların 29 faizi bu ilin noyabrında keçiriləcək prezident seçkilərində qalib gəlsələr, nə ABŞ-ın indiki prezidenti Co Bayden, nə də Ağ Evin keçmiş rəhbəri Donald Trampın yaxşı prezident ola bilməyəcəyinə inanır.
Redaktor.az xəbər verir ki, bunu "Gallup" sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələri sübut edir.
Belə ki, sorğu iştirakçılarının 29%-i hər iki namizədin seçiləcəyi təqdirdə ABŞ prezidenti kimi effektivliyinə şübhə ilə yanaşdığını bildirib. 35% Trampın yaxşı prezident olacağını, 30% isə Bayden haqqında eyni fikri ifadə edib.
Sorğu martın 1-dən 20-dək aparılıb. Ölkə üzrə 18 yaşdan yuxarı 1016 amerikalı iştirak edib.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən Bayden Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb. Beləliklə, dörd il əvvəl Baydenin ən yüksək dövlət vəzifəsinə yenidən seçilmək istəyən Donald Trampı məğlub etdiyi zaman eyni namizədlər arasında mübarizə proqnozlaşdırıla bilər.
Turan İSMAYIL