Blinkenin təyyarəsində nasazlıq yarandı: Parisdən Brüsselə quru yolu ilə getdi
ABŞ dövlət katibi Entoni Blinkenin başçılıq etdiyi amerikalı nümayəndə heyəti təyyarədə nasazlıq yarandığı üçün Parisdən Brüsselə avtomobil yolu ilə getməyə məcbur olub.
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.
O, hansı nasazlıqdan danışdığını açıqlamadan təyyarədə texniki nasazlığın aşkar edildiyini qeyd edib. Blinkenin nümayəndə heyəti Parisdən Brüsselə avtomobil yolu ilə getməyə məcbur olub, burada ABŞ dövlət katibi NATO xarici işlər nazirlərinin iclasında iştirak edəcək, həmçinin NATO-nun baş katibi Yens Stoltenberq və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə danışıqlar aparacaq.
"Bloomberg", öz növbəsində, Blinkenin Fransaya "dövlət işçilərinin istifadəsi üçün dəyişdirilmiş köhnə model Boeing 737" ilə gəldiyini qeyd edir. Agentlik həmçinin vurğulayır ki, Parisdən Brüsselə getmək üçün təxminən 300 km yol qət etmək lazımdır.
Yanvar ayında Blinken Dünya İqtisadi Forumunda (WEF) iştirak etdiyi İsveçrədən departamentə məxsus təyyarəsində texniki nasazlıq səbəbindən planlaşdırılmış vaxtdan gec ABŞ-yə qayıdıb. Boeing 737-nin göyərtəsində oksigen sızması aşkar edilib, buna görə Amerika hakimiyyəti Brüsseldən Sürixə uçan ehtiyat təyyarədən istifadə etməli olub. Ehtiyat təyyarənin tutumu az olduğu üçün Dövlət Departamentinin rəhbərini müşayiət edən bir sıra amerikalı diplomatlar və jurnalistlər ABŞ-a qayıtmaq üçün kommersiya reysləri tapmalı olublar.
Turan İSMAYIL