İran ABŞ və İsraillə müharibədə maraqlı deyil - Pentaqon

 18:52 03.04.2024     244

Pentaqon əmindir ki, İran Yaxın Şərqdə mövcud hərbi əməliyyatları ABŞ və ya İsraillə müharibəyə çevirmək niyyətində deyil.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Aleksus Qrinkeviç İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumu fonunda Yaxın Şərqdəki vəziyyəti şərh edərkən təsdiqləyib.

"Mən iranlıların daha geniş regional münaqişədə maraqlı olmadığına dair qiymətləndirməni davam etdirirəm. Onlar böhrandan indiki formada yararlanmaq istəyirlər. Lakin hazırda onlar İsraillə müharibədə, Birləşmiş Ştatlar ilə müharibədə maraqlı deyillər".

Xatırladaq ki, aprelin 1-də İsrail Hərbi Hava Qüvvələri Dəməşqdəki İran konsulluğunu atəşə tutub. İran İslam İnqilabı Keşikçiləri Korpusunun ictimaiyyətlə əlaqələr şöbəsi İsrailin bu əməliyyatı nəticəsində ikisi general olmaqla 7 hərbi məsləhətçinin həlak olduğunu bildirib. İranın ruhani lideri Ayətullah Əli Xameneinin siyasi müşaviri Əli Şamxani İsrailin hərbi hava qüvvələrinin İran konsulluğuna endirdiyi zərbəyə görə birbaşa ABŞ-nin məsuliyyət daşıdığı fikrini bildirib. Vaşinqton isə əmin edib ki, Birləşmiş Ştatlar heç bir halda İsrailin bu hücumunda iştirak etmir.

Turan İSMAYIL