"Macarıstan belə bir şəxsin NATO-ya rəhbərlik etməsinə icazə verə bilməz" - Nazir
Macarıstan Niderlandın Baş naziri vəzifəsini icra edən Mark Ruttenin NATO-nun yeni baş katibi vəzifəsinə namizədliyini dəstəkləməyəcək.
Redaktor.az "M-1" telekanalına istinadən xəbər verir ki, bunu Brüsseldə Şimali Atlantika Alyansından olan həmkarları ilə görüşdə iştirak edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto jurnalistlərə açıqlamasında deyib.
O xatırladıb ki, Rutte əvvəllər Macarıstana qarşı sərt hücumlar edib və hətta onu Avropa İttifaqından çıxarmaqla hədələyib. "Bu baxımdan, Macarıstan belə bir şəxsin NATO-ya rəhbərlik etməsinə icazə verə bilməz", - deyə XİN rəhbəri izah edib. "NATO liderə ən yüksək etimadın zəruri olduğu müdafiə ittifaqıdır. Macarıstan tərəfi əvvəllər Macarıstanı diz çökdürmək barədə danışan şəxsə, istər yüksək səviyyəli rəhbərlikdə olsun, istərsə də hər hansı digər səviyyədə etibar edə bilməz".
Nazir vurğulayıb ki, hazırkı çətin şəraitdə Yens Stoltenberqi əvəz edəcək NATO-nun yeni baş katibi məsələsində konsensus tələb olunur. Onun səlahiyyət müddəti oktyabrın 1-də başa çatır. “Yalnız bütün müttəfiqlərin dəstəyini alan şəxs Şimali Atlantika Alyansına rəhbərlik edə bilər, bunu Niderlandın baş naziri haqqında söyləmək olmaz”, - Szijjarto bildirib.
Eyni zamanda, o, Macarıstanın Rumıniya Prezidenti Klaus İohannisin bu vəzifəyə namizədliyini dəstəklədiyini açıqlayıb. “Biz şadıq ki, Mərkəzi Avropadan namizəd var”, – deyən Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri bu regiondan olan bir nümayəndənin heç vaxt NATO-nun baş katibi vəzifəsini tutmadığını xatırladıb. Szijjarto hesab edir ki, bu tendensiyanı dəyişməyin vaxtı çatıb.
Turan İSMAYIL