Kremldən Gürcüstan parlamentindəki mübahisəyə REAKSİYA
Rusiya Gürcüstanda vəziyyətin sabit olmasında maraqlıdır.
Redaktor.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Qeyd edək ki, bir gün əvvəl Gürcüstan parlamentinə xarici agentlər haqqında qanun layihəsi yenidən təqdim edilib. Bu, oxşar təşəbbüsün kütləvi etirazlara səbəb olmasından bir il sonra baş verir.
"Gürcüstan bizim qonşumuzdur. Gürcüstanda vəziyyətin sabit və proqnozlaşdırıla bilməsi bizim maraqlarımıza uyğundur", - Kreml nümayəndəsi vəziyyəti şərh edərkən qeyd edib.
Peskovun sözlərinə görə, hazırda demək olar ki, bütün ölkələrdə xarici agentlər haqqında qanunlar qəbul edilir, çünki heç kim onların işlərinə qarışmaq istəmir.
Xatırladaq ki, ötən gün Gürcüstan parlamentində “Xarici agentlər haqqında” qanun layihəsinin müzakirəsi “Mokalakeebi” partiyasından olan deputat Aleko Elisaşvilinin təşəbbüsü “rus qanunu” adlandırması dava ilə yekunlaşıb.
Onu da bildirək ki, ötən il Gürcüstanda artıq xarici agentlər haqqında qanun layihəsini qəbul etməyə cəhd ediblər. Daha sonra Tbilisidə təşəbbüsə qarşı kütləvi etiraz aksiyaları keçirilib. Etirazlardan sonra “Gürcü arzusu” sənədi geri götürüb, deputatlar isə onun əleyhinə səs veriblər.
Bundan əvvəl hakim “Gürcü Arzusu” partiyası “xarici təsir agenti” ifadəsini dəyişdirməklə, xarici agentlər haqqında qanun layihəsini yenidən parlamentə təqdim etmək qərarına gəlib. Təşəbbüsün müəllifləri “xarici gücün maraqlarını təbliğ edən təşkilat” adını təklif ediblər.
Turan İSMAYIL