G7 üzvləri Rusiya neftinin qiymət həddinə yenidən baxa bilər

 18:04 04.04.2024     306

G7 üzvləri Rusiya neftinin yuxarı qiymət həddinə yenidən baxa bilər. Bu, bazar şəraitindən və ya digər amillərdən asılı olacaq.

Redaktor.az "Reuters"ə istinadən xəbər verir ki, bunu ABŞ Maliyyə Nazirliyinin terrorizmin maliyyələşdirilməsi üzrə köməkçisi Anna Morris deyib.

Rusiya neftinin ticarətinə qarşı geniş sanksiya mexanizminin bir hissəsi olaraq, ABŞ fevral ayında Rusiya dövlətinə məxsus yükgöndərən "Sovcomflot" və onun Rusiya neftinin nəqlində iştirak edən 14 neft tankerinə qarşı sanksiyalar tətbiq edib.

Morris bildirib ki, Rusiya neftindən hazırlanan neft məhsullarının Qərb ölkələrinə satışı sanksiyaları pozmur.

"Rusiya nefti emal edildikdən sonra texniki baxımdan o, Rusiya nefti olmaqdan çıxır. Əgər o, ölkədə emal edilib daha sonra göndərilirsə, sanksiyalar nöqteyi-nəzərindən alınan ölkədən idxaldır, o, Rusiyadan idxal olunmur”, - deyə o bildirib.

ABŞ maliyyə nazirinin iqtisadi siyasət üzrə köməkçisi Erik Van Nostrand isə bildirib ki, Vaşinqton Hindistandan Rusiya neftinin idxalını azaltmağı tələb etməyib.

Onun sözlərinə görə, sanksiyaların və G7-nin bir barel üçün 60 dollar qiymət həddinin təyin edilməsində məqsəd sabit qlobal neft tədarükünü təmin etmək, eyni zamanda Moskvanın gəlirlərinə ziyan vurmaqdır.

Nostrand bildirib ki, alıcılar sığorta və broker kimi Qərb xidmətlərindən istifadə etməsələr, Rusiya neftini qiymət həddi mexanizmindən kənarda daha yüksək endirimlərlə ala bilərlər.

Xatırladaq ki, G7 ölkələri, Aİ və Avstraliya dəniz yolu ilə tədarük edilən Rusiya neftinin barrelinə 60 dollardan yuxarı qiymət həddini tətbiq ediblər. 2023-cü il fevralın 5-dən analoji məhdudiyyətlər Rusiyadan neft məhsullarının tədarükünə də şamil olunmağa başlayıb.

Maksimum maya dəyəri neft məhsullarının kateqoriyasından asılı olaraq bir barel üçün 100 və 45 dollar müəyyən edilib. Bildirilir ki, bu məhdudiyyətlərin dəyişdirilməsi üçün bütün Aİ dövlətlərinin və G7 üzvlərinin razılığı lazımdır.

Sonradan Qərbin sanksiyaları 2023-cü ildə Rusiyanın neft və neft məhsulları ixracının yarısının Çinə getməsinə səbəb oldu, Hindistanın payı isə iki il ərzində 40%-ə yüksəldi. Rusiyadan neft ixracında Avropanın payı on dəfə azalıb - təxminən 4-5%-ə qədər.

Qeyd edək ki, daha əvvəl bildirilmişdi ki, Yaponiya və digər G7 ölkələri fevralın 20-dən Rusiya neftinin idxalçıları üçün qiymət tavanlarına riayət edilməsi qaydalarını sərtləşdirməyi planlaşdırırlar.

Turan İSMAYIL