İsrail səfirlikləri boşaldılır?

 23:18 04.04.2024     305

İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Hayat İran təhdidinə görə İsrailin dünyadakı bəzi səfirliklərindən əməkdaşların təxliyəsi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirməkdən imtina edib.

Redaktor.az xəbər verir ki, o, TASS-ın sualını cavablandırarkən "Biz diplomatlarımızın və diplomatik nümayəndəliklərimizin təhlükəsizliyini şərh etmirik" deyib.

Eyni zamanda bir İsrail mənbəsi TASS-a bildirib ki, “İsrail səfirliklərinin boşaldılması ilə bağlı məlumat reallığa uyğun gəlmir”.

"Kan" radiosu bu gün bildirib ki, İranın Dəməşqdə İsrailə aid edilən hücuma gözlənilən cavabı üçün "görünməmiş hazırlığın" bir hissəsi olaraq, İsrail Xarici İşlər Nazirliyi təhlükəsizlik rəsmiləri ilə məsləhətləşərək dünyadakı bir sıra səfirliklərini boşaltmağa qərar verib. Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari bildirib ki, İsrail ordusu "bütün cəbhələrdə hadisələrin hər hansı inkişafı üçün yüksək səviyyədə hazır vəziyyətdədir".

Qeyd edək ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei aprelin 4-də X-də (keçmiş tviter) ivrit dilində yazıb ki, o, İsraili İslam Respublikası səfirliyinin konsulluq bölməsinə hava zərbəsi endirmək qərarından peşman olmağa məcbur edəcək.

Xatırladaq ki, aprelin 1-də İsrailin hava zərbəsi nəticəsində Dəməşqdəki İran konsulluğunun müşavirləri olan İslam İnqilabı Keşikçiləri Korpusunun 2 generalı (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) daxil olmaqla 13 nəfər ölüb.

İsrail hadisəyə görə heç bir rəsmi məsuliyyəti öz üzərinə götürməyib. Eyni zamanda Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu cümə axşamı axşam Qüdsdə təhlükəsizlik kabinetinin iclasının əvvəlində qeyd edib ki, Tehran illərdir regionda İsrailə qarşı peyk fəaliyyəti göstərir, ona görə də İsrail tərəfi İrana qarşı işləyir.

T.İSMAYIL