Fransa bu soyqırıma görə üzr istəyəcək
Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Ruanda soyqırımını dayandıra bilməməsinə görə üzr istəyəcək.
Redaktor.az APA-yaistinadən xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Bildirilib ki, bazar günü (7 aprel) sosial mediada yayımlanacaq video mesajında Makron etiraf edəcək ki, “Qərb və Afrika müttəfiqləri ilə soyqırımı dayandıra biləcək Fransanın buna iradəsi yox idi”.
Qeyd edək ki, bu həftənin sonu 1994-cü ilin aprel-iyul aylarında hutu hökumətinin əmri ilə hutu silahlıları tərəfindən əsasən tutsi etnik azlığının nümayəndələri olan təxminən 800 min insanın kütləvi şəkildə qətlə yetirildiyi Ruanda soyqırımından 30 il keçir.
Makron Ruandanın paytaxtı Kiqalidə soyqırımın ildönümü ilə bağlı keçirilən mərasimə dəvət edilsə də, lakin o iştirak etməyəcək. Mərasimdə Fransanı xarici işlər naziri Stefan Sejourne və soyqırımından xilas olmuş Fransanın Ruanda əsilli dəniz məsələləri üzrə dövlət katibi Herve Bervil təmsil edəcək.
Xatırladaq ki, soyqırımı Fransa və Ruanda arasında gərginlik mənbəyi olub. Ruanda hökumətinin sifarişi ilə hazırlanmış və 2021-ci ildə dərc edilmiş hesabatda Fransanın 1990-cı illərdə Ruanda rejiminə verdiyi dəstək ilə qan tökülməsinə “imkan vermək”də “aparıcı” rol oynadığı qeyd olunub.
Hesabatdan sonra Prezident Makron qurbanların xatirəsinə həsr olunmuş Kiqali Soyqırımı Memorialını ziyarət edib və çıxışında Fransanın “məsuliyyətini” etiraf etsə də, lakin rəsmi şəkildə üzr istəməyib və ölkəsinin bu zorakılığın törədilməsində “şərik olmadığına” təkid edib.