Cənubi Koreya Ukraynaya 2,3 milyard dollar ayıracağına söz verdi

 17:35 05.04.2024     265

Koreya Respublikası 2024-cü ildən başlayaraq Ukraynaya 2,3 milyard dollar yardım ayıracaq.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Koreya Respublikasının xarici işlər naziri Ço Tae-yol NATO ölkələrinin və onların tərəfdaşlarının xarici işlər nazirlərinin görüşü zamanı deyib.

Nazir bildirib ki, ölkəsi Ukraynaya sülhün bərpası naminə yardım göstərməyə davam edəcək və bu ildən başlayaraq 2,3 milyard dollarlıq orta və uzunmüddətli paket ayrılacaq.

Bundan əlavə, Cənubi Koreya yaralı Ukrayna hərbçiləri üçün reabilitasiya mərkəzlərinin fəaliyyət göstərməsi üçün NATO fondu vasitəsilə 12 milyon dollar ayıracaq.

Cənubi Koreya Kiyevi silah və sursatla təmin etmir, ona humanitar və maliyyə yardımı göstərib.

Ço Tae-yol həmçinin KXDR-in BMT qətnamələrini pozaraq Rusiyaya silah tədarük etdiyi və bunun Koreya yarımadası üçün təhlükə yaratdığı barədə iddiaları təkrarlayıb. Onun sözlərinə görə, Rusiyanın qabaqcıl texnologiyaları və neftinin Pxenyana potensial transferi nüvə silahının yayılmaması rejimi üçün təhlükə yaradacaq.

Cənubi Koreya Xarici İşlər Nazirliyinin rəhbəri Rusiyanı BMT-də veto hüququndan istifadə etdiyinə görə tənqid edib, bunun nəticəsində KXDR-ə qarşı sanksiyalar üzrə komitənin ekspert qrupunun mandatı uzadılmayıb.

Turan İSMAYIL