Qəzzanın şimalına yardımı bu təşkilat çatdıracaq

 23:19 05.04.2024     268

Erez keçidi vasitəsilə Qəzza zolağının şimalındakı əhaliyə göndərilən humanitar yardım BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) vasitəsilə çatdırılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Bildirilib ki, Erez keçid məntəqəsi vasitəsilə Qəzzanın şimalına humanitar yardımın çatdırılması BMT-nin ÜƏP vasitəsilə həyata keçiriləcək. Telekanalın məlumatına görə, anklavın şimal hissəsinin sakinlərinə yardımın ilk partiyasının gələn həftə bu məntəqədən göndərilməsi gözlənilir.

Həmçinin qeyd edilir ki, vətəndaş cəmiyyəti təşkilatları və birlikləri Erez vasitəsilə alınan yardımı paylayacaq və yerli polis bölmələri yardımın paylanması prosesinin təhlükəsizliyinin təmin edilməsinə cəlb olunacaq.

Qeyd edək ki, bundan əvvəl Kan radiosu bildirib ki, İsrail Təhlükəsizlik Kabineti Aşdod limanı və Erez keçid məntəqəsi vasitəsilə Qəzza zolağına humanitar yardımın çatdırılmasına müvəqqəti icazə verib. Bundan əlavə, Fələstin anklavının cənub-şərq hissəsindəki Kerem Şalom keçidi vasitəsilə İordaniyaya çatdırılan yardımın həcminin artırılmasına icazə verilib. 

T.İSMAYIL