İsrail ordusu Qəzzada könüllülərin ölümünə görə məsuliyyəti öz üzərinə GÖTÜRDÜ
Qəzza zolağında "Dünya Mərkəzi Mətbəxi" (WCK) humanitar təşkilatının könüllülərinin ölümü İsrail hərbçilərinin səhvi nəticəsində baş verib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari hadisəyə görə məsuliyyəti öz üzərinə götürdüklərini bildirib.
"Bu, faciədir. Bu, dəhşətli səhvlər silsiləsi idi və bu, heç vaxt baş verməməli idi. İsrail ordusu bu uğursuz insan itkisinə görə bütün məsuliyyəti öz üzərinə götürür", - o, ordunun mətbuat xidmətinin yaydığı xüsusi videomüraciətdə bildirib.
Haqari hadisə ilə bağlı bir daha başsağlığı verib və İsrail hərbçilərinin səhv zərbəsi nəticəsində yeddi WCK könüllüsünün öldüyü istintaqın daha əvvəl açıqlanan nəticələrini təkrarlayıb. Bildirilib ki, humanitar işçilər Fələstinin radikal HƏMAS hərəkatının silahlı tərəfdarları ilə səhv salınıb.
Ordu nümayəndəsi izah edib ki, gecə vaxtı humanitar maşınların dəqiq tanınmasına mane olub. Onun sözlərinə görə, avtomobilləri hədəfə alan dron operatorları qaranlıqda damlarında olan WCK loqolarını görə bilməyiblər. "Bu faciəvi səhvin qarşısı alına bilərdi və alınmalı idi. Yardım maşınlarına hücum ciddi əməliyyat uğursuzluqları nəticəsində yaranan ciddi səhvdir", - o əlavə edib.
Haqari təsdiqləyib ki, araşdırmadan sonra hadisəyə birbaşa cavabdeh olan iki zabitin işdən çıxarılması və Cənub Komandanlığının rəisi də daxil olmaqla daha üç yüksək rütbəli zabitə töhmət verilməsi barədə qərar qəbul edilib. O, həmçinin bildirib ki, İsrail Müdafiə Qüvvələri vəziyyəti təhlil etməyə davam edir və gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün “dərhal qüvvəyə minəcək bir sıra tədbirlər görəcək”.
Xatırladaq ki, aprelin 2-də İsrail ordusu WCK təşkilatının avtomobilini həfəf alıb. Nəticədə WCK-nin yeddi əməkdaşı öldürülüb.
Turan İSMAYIL