Tokayev xalqa müraciət etdi: "80 ilin ən böyük təbii fəlakətini yaşayırıq"

 12:41 06.04.2024     258

Qazaxıstanda mart ayında başlayan kütləvi daşqınlar respublikada son 80 ildə ən böyük təbii fəlakət oldu.

Redaktor.az xəbər verir ki, bunu ölkə prezidenti Kasım-Jomart Tokayev televiziya ilə xalqa müraciətində deyib.

"Uzun illərdir bənzərləri görünməyən təbii fəlakət baş verib. Ola bilsin ki, bu, miqyasına və nəticələrinə görə son 80-dən çox ildə ən böyük fəlakətdir".

Tokayevin sözlərinə görə, daşqınlarla əlaqədar ölkənin on rayonunda: Abay, Akmola, Aktobe, Atırau, Qərbi Qazaxıstan, Karaqanda, Kostanay, Pavlodar, Şimali Qazaxıstan və Ulıtau vilayətlərində yerli fövqəladə vəziyyət elan edilib.

Prezident qeyd edib ki, onun tənqid və tapşırıqlarından sonra hökumət daşqının nəticələrinin aradan qaldırılması istiqamətində işləri gücləndirib və müvafiq tədbirlər həyata keçirir. "Baş nazirin rəhbərlik etdiyi respublika qərargahı yaradılıb. Həm hökumət başçısı, onun müavinləri, həm də fövqəladə hallar naziri zərər çəkmiş rayonlara səfər edir", - dövlət başçısı deyib.

Qeyd edək ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, daşqınlar başlayandan bəri Akmola, Aktobe, Atırau, Kostanay, Pavlodar və Şimali Qazaxıstan vilayətlərində 3 mindən çox fərdi yaşayış binası və həyətyanı sahələr su altında qalıb. 70 yaşayış məntəqəsi isə nəqliyyat əlaqəsi olmadan qalır. 46 755 nəfər, o cümlədən 14 589 uşaq xilas edilib və təxliyə edilib. Xilasetmə işlərində 8,6 min nəfərdən çox insan və 1,7 min ədəd texnika, 411 su nasosu və 65 su gəmisi, o cümlədən 10 təyyarə iştirak edir.

Turan İSMAYIL