NATO rəhbəri İsveçi infrastruktura daha çox sərmayə qoymağa ÇAĞIRDI

 14:33 06.04.2024     259

İsveç qərb-şərq nəqliyyat imkanlarına dair NATO tələblərinə cavab vermək üçün avtomobil və dəmir yolu şəbəkələri kimi hərbi və mülki infrastrukturuna daha çox sərmayə qoymalıdır.

Redaktor.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq "Sveriges Radio"ya müsahibəsində deyib.

"Yüklərin daşınması üçün həm hərbi, həm də mülki infrastruktura daha çox sərmayə lazımdır. Bu, bütün Skandinaviyaya aiddir, çünki indiki şəraitdə onu bir əməliyyat qurumu hesab etmək olar", - o deyib.

NATO rəhbəri həmçinin İsveç səhiyyə sisteminin daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.

"İsveç inkişaf etmiş səhiyyə sistemi olan ölkədir. Bununla belə, inkişaf etmiş səhiyyə sistemi olan ölkə öz potensialını artıra və böhran vəziyyətində qarşılıqlı fəaliyyət qabiliyyətini təkmilləşdirə bilər", - o deyib.

Stoltenberqin sözlərinə görə, koordinasiya, məlumatlandırma və böhrana ümumi hazırlıq da böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, NATO planına görə, Baltikyanı regionda hərbi münaqişə baş verərsə, İsveç yaralıları Malaren gölünün vadisində və şərq sahilində yerləşən tibb müəssisələrində müalicə etməlidir.

Turan İSMAYIL