ABŞ İranın İsraildəki hərbi hədəflərə cavab zərbələri endirəcəyini gözləyir
ABŞ hakimiyyəti aprelin 1-də Dəməşqdəki Tehran konsulluğuna hücuma cavab olaraq İranın İsrailə mümkün zərbələrinin yəhudi dövlətinin daxilindəki hərbi və kəşfiyyat obyektlərinə yönələcəyindən çıxış edir.
Redaktor.az xəbər verir ki, bu barədə NBC televiziyası adı açıqlanmayan iki amerikalı məmura istinadən məlumat yayıb.
Onların məlumatına görə, ABŞ Prezidenti Co Bayden administrasiyasının nümayəndələri hesab edirlər ki, Tehranın istənilən cavab zərbəsi mülki deyil, İsrail daxilində hərbi və ya kəşfiyyat obyektlərinə yönələcək. Eyni zamanda mənbələr qeyd edir ki, ABŞ kəşfiyyat xidmətləri də pilotsuz təyyarələrdən və ya yerüstü qanadlı raketlərdən istifadə etməklə İsrailin bölgədəki diplomatik obyektinə zərbə endirilə biləcəyini də istisna etmir. Tehranın cavabı bu il aprelin 9-na təsadüf edən müsəlmanların müqəddəs Ramazan ayı bitməmişdən əvvəl gözlənilir.
Qeyd edək ki, aprelin 1-də İsrail Hərbi Hava Qüvvələri Dəməşqdəki İran konsulluğuna zərbələr endirib. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ictimaiyyətlə əlaqələr şöbəsi yeddi hərbi müşavirin: generallar Məhəmməd Rza Zahidi və Məhəmməd Hadi Hacı Rəhiminin və digər beş zabitin həlak olduğunu bildirib. İranın dövlət televiziyası IRIB-nin məlumatına görə, Zahidi SEPAH-ın Əl-Qüds qüvvələrinin Livan və Suriyadakı bölmələrinə komandanlıq edib.
T.İSMAYIL