"İran İsrailə maksimum ziyan vurmaq üçün düzgün vaxtı seçəcək" - Baş Qərargah rəisi

 17:27 06.04.2024     346

Tehran İslam Respublikasının Dəməşqdəki konsulluğuna hücuma görə İsraildən qisas almaq və ona maksimum ziyan vurmaq üçün düzgün vaxtı seçəcək.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri İsfahanda hücum nəticəsində həlak olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) generalı Məhəmməd Rza Zahidinin dəfn mərasimində bildirib.

“İranın Suriyadakı konsulluğuna hücum sionist rejimin (İsrail - red.) çarəsizliyindən qaynaqlanır və biz mütləq qisas alacağıq” - deyən Baqiri vurğulayıb ki, İran “əməliyyat planını müstəqil şəkildə müəyyən edəcək və onu düşmənə maksimum ziyan vurmaqla, lazımi vaxtda həyata keçirəcək”. O, həmçinin ABŞ-ni konsulluğa hücuma görə məsuliyyətə cəlb etməyə çağırıb və Vaşinqtonun yəhudi dövlətinin hərəkətlərində iştirakını aşkar adlandırıb.

Turan İSMAYIL