Saxta pul hazırlayan 63 nəfər saxlanıldı

 22:29 08.04.2024     280

İtaliya və Fransanın hüquq-mühafizə orqanları azı 6 milyon avro məbləğində saxtakarlıqla məşğul olan 63 nəfəri saxlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə əməliyyata dəstək verən Avropa Polis Agentliyi (Avropol) məlumat yayıb.

Təşkilatın məlumatına görə, Neapolda yerləşən İtaliyanın mütəşəkkil cinayətkar qrupu Avropada bir neçə nominalda olan saxta əskinasların yayılmasında iştirak edib. Saxta təhlükəsizlik elementlərinin yüksək keyfiyyəti Avropa Mərkəzi Bankı tərəfindən təsdiqlənib.

Əməliyyat ərəfəsində hüquq-mühafizə orqanlarının əməkdaşları yeddi kuryeri həbs edərək 20, 50 və 100 avro nominalında, ümumilikdə təxminən 200 min avro dəyərində saxta əskinasları müsadirə ediblər.

Avropol qeyd edib ki, ümumilikdə saxtakarlar 6 milyon avro saxtalaşdırmaqda şübhəli bilinirlər. Təşkilat İtaliyada 62, Fransada isə 1 nəfərin saxlanıldığını açıqlayıb.

Turan İSMAYIL