Qəzzada atəşkəs üçün yeni təklif təqdim olundu - Əl-Cəzirə
İsrail və Fələstinin HƏMAS hərəkatı arasında vasitəçilik edən Qahirədəki nümayəndələr münaqişə tərəflərinə Qəzza zolağında üç mərhələdə həyata keçirilməli olan atəşkəs üçün yeni təklif təqdim ediblər.
Redaktor.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, vasitəçilərin təklifi ilk mərhələdə HƏMAS-ın Qəzza zolağında saxladığı 40 israilli girovu azad edəcəyini, o cümlədən 100-ü ömürlük həbs cəzasına məhkum edilmiş 900 fələstinli məhbusun azad edilməsini nəzərdə tutur.
Mümkün razılaşmanın digər parametrləri arasında kanalın mənbələri məcburi köçkün mülki əhalinin anklavın şimal hissəsinə qayıtmasını və gündə 500 yük maşınının humanitar yardımla keçməsini göstərir. Bundan əlavə, vasitəçilər anklavın şimal və cənub hissələrini birləşdirən Qəzzanın iki əsas magistralının ətrafında təhlükəsiz zona yaradılmasını təklif ediblər. Yeni təklif İsrail qüvvələrinin bu yollardan 500 metr məsafədə yerləşdirilməsini nəzərdə tutur ki, bu da köçkünlərin Qəzza zolağının şimalına qayıtmasına imkan verəcək.
Qeyd edək ki, aprelin 7-də Qahirədə Qəzzada atəşkəsin yaradılması üzrə danışıqların növbəti mərhələsi başlayıb. Bazar ertəsi gecə Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat verib ki, məsləhətləşmələr zamanı əhəmiyyətli irəliləyiş əldə olunub və tərəflər bir sıra əsas mübahisəli məsələlər üzrə konsensusa gəliblər. Onun sözlərinə görə, ABŞ və İsrail nümayəndə heyətləri bir neçə saat ərzində ölkəni tərk etməli, HƏMAS və Qətər nümayəndə heyətləri isə Dohaya gedib iki gün ərzində yekun razılaşmanı bağlamalı idilər. Daha sonra HƏMAS sözçüsü "Reuters" agentliyinə danışıqlarda hər hansı irəliləyişin əldə olunduğunu təkzib edib.
Turan İSMAYIL