"Ukrayna yalnız münaqişə bitdikdən sonra NATO-ya üzv ola bilər" - Dövlət Departamenti
Ukraynanın NATO-ya qəbulu yalnız hazırkı münaqişə bitdikdən sonra baş tuta bilər.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller növbəti brifinqdə deyib.
“Nəhayət, bu proses (Ukraynanın NATO-ya daxil olması – red.) bu münaqişə bitdikdən sonra irəliləyəcək”, - o bildirib. Eyni zamanda Miller qeyd edib ki, NATO Ukrayna ilə bağlı danışıqlar aparır.
Bundan əvvəl ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Julian Smit bildirmişdi ki, alyans yalnız bütün müttəfiqlərin razılığı ilə və hərbi əməliyyatlar başa çatdıqdan sonra “vaxt gələndə” Ukraynanı öz sıralarına qəbul edəcək.
Fevralın 13-də Smit bildirib ki, blok iyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitdə Ukraynaya öz sıralarına qoşulmaq üçün dəvət göndərmək niyyətində deyil.
Xatırladaq ki, 2022-ci ilin sentyabrında Ukrayna sürətləndirilmiş əsaslarla Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib. NATO 2023-cü il iyulun 11-də Vilnüsdə keçirilən sammitin yekun bəyanatını qəbul edib və orada ölkənin gələcəyinin alyansda olduğuna əminlik ifadə olunub. Sənəddə deyilir ki, NATO-ya üzv olmaq dəvəti “müttəfiqlər razılığa gəldikdə və Qərbin Kiyevə qoyduğu şərtlər yerinə yetirildikdə” Ukraynaya göndərilə bilər. Qəbulun ehtimal olunan vaxtı açıqlanmayıb. Təşkilat dəfələrlə vurğulayıb ki, Ukrayna münaqişə vəziyyətində olarkən NATO-ya üzv olmaq mümkün deyil.
Turan İSMAYIL