Parisdə terror aktı təhlükəsi səbəbindən təhlükəsizlik tədbirləri gücləndirildi
Fransa Daxili İşlər Nazirliyi terror aktı təhlükəsi ilə əlaqədar çərşənbə günü ev stadionunda keçiriləcək Çempionlar Liqasının 1/4 final mərhələsinin Fransanın Paris Saint-Germain (PSJ) və İspaniyanın “Barselona” klubları arasında keçiriləcək oyundan əvvəl Parisdə təhlükəsizlik tədbirlərini gücləndirib.
Redaktor.az AFP agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında respublikanın daxili işlər naziri Cerald Darmanen deyib.
O, şəhərdə təhlükəsizlik tədbirlərinin əhəmiyyətli dərəcədə artırılmasını əmr edib.
Agentlik qeyd edib ki, Darmanen təhlükəsizlik tədbirlərinin gücləndirilməsindən danışarkən İŞİD tərəfindən açıq şəkildə səsləndirilən təhlükəni qeyd edib.
Bundan əvvəl İspaniyanın "Marca" qəzeti terror qruplaşmasının Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarının keçiriləcəyi bütün stadionlarda hücumlar planlaşdırdığını yazıb.
Qeyd edək ki, Aprelin 9-da Madriddə İspaniyanın “Real Madrid”i ilə İngiltərənin “Mançester Siti” klubları, Londonda isə İngiltərənin “Arsenal”ı Almaniyanın “Bavariya”sını qəbul edəcək. Aprelin 10-da Madriddə İspaniyanın "Atletiko Madrid"i evdə Almaniyanın "Borussiya"sı ilə, Fransanın "Paris Sen-Jermen"i Parisdə İspaniyanın "Barselona"sı ilə qarşılaşacaq.
Turan İSMAYIL