İsrail Qəzzaya rekord sayda yardım maşının keçməsini təmin etdi

 23:26 09.04.2024     362

Gün ərzində İsrail hərbçiləri humanitar yardım aparan 468 yük maşınının Qəzza zolağına keçməsini təmin edib.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Bu gün, aprelin 9-da 468 yardım maşını yoxlanılaraq Qəzzaya buraxılıb. Bu, müharibə başlayandan bəri bir gündə Qəzzaya daxil olan ən böyük yardım maşınıdır. Son üç gün ərzində Qəzzaya 1200 TIR-dan çox yardım çatdırılıb”, - məlumatda deyilir.

"Bundan əlavə, gün ərzində havadan Fələstin anklavına 303 bağlama ərzaq atılıb. Həmçinin dünən gecə Qəzza zolağının şimalına ərzaqla 47 yük maşını gəlib", - mətbuat xidməti qeyd edib.

Bir gün əvvəl hərbçilər humanitar yardım daşıyan 419 yük maşınının Qəzza zolağı ilə sərhəddəki İsrailin Kerem Şalom və Nitzana keçid məntəqələrindən keçdiyini bildirib. Ordunun məlumatına görə, bu, o zaman anklavda hərbi əməliyyatların başlanmasından bəri bir gündə humanitar yük maşınlarının rekord sayda olması idi.

Turan İSMAYIL