"Ukrayna ilə bağlı danışıqlarda Rusiyaya etibar etmək olmaz" - NATO

 23:42 09.04.2024     395

Rusiya Ukrayna üzrə danışıqlardan yenidən silahlanma üçün istifadə edə bilər və buna görə də alyans ölkələri Moskvanın mövqeyindən ehtiyatlı olmalıdırlar.

Redaktor.az xəbər verir ki, bu barədə NATO baş katibinin müavini Mirça Coane Britaniyanın LBC radiostansiyasına müsahibəsində deyib.

"Rusiyaya etibar etmək olmaz. Onlar nəhayət sülhdən danışmağa başlasalar belə, söhbət sülhdən deyil, yenidən silahlanma və sonradan geri qayıtmaq üçün atəşkəsdən gedir. Ukraynanın NATO və Avropa İttifaqı ilə daha da yaxınlaşmasını təmin etmək bizim üçün çox vacibdir", - deyən Coane həmçinin vurğulayıb ki, Ukrayna Rusiya Federasiyası ilə danışıqlara başlamaq qərarına müstəqil şəkildə qərar verəcək.

NATO baş katibinin müavini bildirib ki, Ukrayna sonda alyansa üzv olacaq, lakin qoşulmanın mümkün vaxtı barədə spekulyasiya etməkdən imtina edib. O əlavə edib ki, hazırda NATO-nun “Ukraynanı dəstəkləmək üçün mənəvi və hüquqi öhdəliyi” var. Onun fikrincə, Rusiya Federasiyasının Ukraynada qələbəsi Rusiya hakimiyyətini daha da genişlənməyə sövq edə bilər.

Bundan əlavə, Coane dünyanın “böyük güc rəqabəti” dövrünə qədəm qoyduğu fikrini ifadə edib. O qeyd edib ki, noyabrda keçiriləcək prezident seçkilərindən sonra Ağ Evə qayıtmağa ümid edən keçmiş ABŞ Prezidenti Donald Tramp NATO-nun Avropada təhlükəsizliyin təmin olunmasına kömək etdiyini başa düşür.

T.İSMAYIL