Türkiyə İsrailə embarqo tətbiq edən ilk ölkə oldu
Türkiyə İsrailə ticarət embarqosu tətbiq edən ilk ölkə oldu.
Redaktor.az xəbər verir ki, bu barədə TRT dövlət telekanalının efirində Respublika Ticarət Nazirliyinin rəhbəri Ömər Bolat məlumat verib.
"İsrailə qarşı sanksiyaların tətbiqi barədə heç kim açıqlama verməyib. Türkiyə embarqo qoyan ilk ölkə olub", - deyən nazir Ankaranın beynəlxalq ictimaiyyətin Qəzza böhranının həlli istiqamətində səylərinin nəticə vermədiyi bir şəraitdə bu addımı atdığını bildirib.
Türkiyənin Ticarət Nazirliyi bundan əvvəl İsrailə 54 adda sənaye malının ixracına məhdudiyyətlər tətbiq edildiyini açıqlamışdı. Xüsusilə məhdudiyyətlər poladdan, alüminiumdan, boyalardan, elektrik kabellərindən, aviasiya yanacağından, neftdən, gübrələrdən və bəzi sənaye avadanlıqlarından hazırlanan müxtəlif növ məhsullara şamil edilir. Siyahıya həmçinin sement, bütün növ dəmir və polad tikinti materialları, fitinqlər, fiber-optik kabellər, forkliftlər, ekskavatorlar, qranit, mərmər, izolyasiya materialları, metal emalı avadanlığı, dəzgahlar, kərpic və klinker, habelə tikinti üçün istifadə olunan kimyəvi maddələr daxildir.
İsrailin xarici işlər naziri İsrael Katz sanksiyalara cavab olaraq Türkiyəni ikitərəfli ticarət razılaşmalarını pozmaqda, Ərdoğanı isə radikal HƏMAS hərəkatı naminə iqtisadi maraqlarını qurban verməkdə ittiham edib. Onun sözlərinə görə, İsrail “Türkiyəyə qarşı paralel tədbirlər görəcək ki, bu da Türkiyə iqtisadiyyatına ziyan vuracaq”.
T.İSMAYIL