Tehran səmasını bağlayıb: İsrail zərbə endirəcək?
İran "hərbi təlimlər" üçün Tehran üzərində hava məkanını müvəqqəti bağlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Daha əvvəl məlumatı İranın "Mehr" agentliyi İranın müdafiə nazirinə istinadən yayıb. Nəşrin məlumatına görə, aprelin 10-da İran vaxtı ilə saat 20:30-da hava hərəkəti dayandırılıb. Lakin bir müddət sonra agentlik məlumatı rəsmi internet saytından və X-dəki hesabından silib.
Milli.Az bildirir ki, analitiklərə görə bu qərar İranın İsrailin hərbi obyektlərinə mümkün hücumu ilə bağlıdır.
Bloomberg daha əvvəl İsrailin yaxın günlərdə İran və ya müttəfiqlərinin böyük bir hücumuna məruz qalacağını bildirmişdi.
Bundan əlavə, İranın xarici işlər naziri Hüseyn Abdullahyan İraq, Səudiyyə Ərəbistanı və BƏƏ-dən olan həmkarları ilə təcili telefon danışıqları aparıb. Danışıqların təfərrüatları açıqlanmayıb.
Bu arada İran İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Tanqsiri deyib ki, İsrail "gərəkli anda tərs sillə zərbəsi alacaq".
ABŞ isə Misiri İranın İsrailə qarşı mümkün raket hücumları barədə xəbərdar edib.
"Frankfurter Allgemeine Zeitung"un məlumatına görə, Almaniyanın "Lufthansa" aviaşirkəti "Yaxın Şərqdəki vəziyyət" səbəbindən Tehrana uçuşları dayandırıb. Bunun ardınca Türkiyədən İrana uçuşlar dayandırılıb.